Avropa Taekvondo Birliyinin (ETU) müxtəlif komitələrinə keçirilən seçimlərin nəticələri rəsmən elan olunub.

Postxronika.az Azərbaycan Tekvando Federasiyasına istinadən xəbər verir ki, qurumun rəhbəri Sakis Praqalosun qərarı ilə Azərbaycan Taekvondo Federasiyasının (ATF) Baş katibi Aygül Abdullayeva Hakimlər Komitəsinin üzvü, ATF-in mətbuat katibi Aysel Sultanova isə Media Komitəsinin vitse-sədri vəzifəsinə gətirilib. Ölkəmiz tərəfindən namizədliyi irəli sürülən hər iki təmsilçinin beynəlxalq qurumda yer alması yerli taekvondo məktəbinə qlobal miqyasda göstərilən etimadın bariz nümunəsidir. Bildirilib ki, qitə miqyaslı bu yeni təyinatlar ETU-nun gələn il keçiriləcək Baş Assambleyasının növbəti iclasınadək qüvvədə qalacaq.