Prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxtda yeni piyada zonalarının və dəhlizlərinin yaradılması istiqamətində işlər genişləndirilir.
Postxronika.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Nəqliyyatı Əlaqələndirmə Şurasının rəsmi qərarına istinadən xəbər verir ki, İslam Səfərli küçəsinin piyadalaşdırılmasından sonra növbəti mərhələdə Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələri də avtomobilsiz zonaya çevriləcək. Hazırda nəqliyyat sıxlığının yaşandığı bu tarixi məkanlarda səkilərin darlığı və piyada axınının çoxluğu layihənin icrasını zəruri edib. Dünya təcrübəsinə əsaslanan yenilik sayəsində Bakının mərkəzindəki piyada marşrutlarının uzunluğu ciddi şəkildə artacaq, Xaqani bağından Mərkəzi parka qədər kəsintisiz hərəkət dəhlizləri formalaşacaq. Sakinlərin rahatlığı üçün sözügedən küçələrin parklanma yerləri kəsişən yollara köçürüləcək, operativ və kommunal xidmət nəqliyyatının əraziyə daxil olmasına isə xüsusi şərait yaradılacaq.