Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Oman Sultanlığının mənzil inşaatı və şəhərsalma naziri Xəlfan Əl-Şuaili ilə ikitərəfli görüş keçirib.

Postxronika.az İqtisadiyyat Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və müxtəlf sahələr üzrə əməkdaşlığın gələcək inkişaf perspektivləri diqqət mərkəzində olub. Tərəflər mövcud dostluq əlaqələrinin iqtisadi tərəfdaşlığı dərinləşdirmək üçün əlverişli zəmin yaratdığını xüsusi vurğulayıblar. Müzakirələr zamanı biznes əlaqələrinin şaxələndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması və infrastruktur layihələri barədə geniş fikir mübadiləsi aparılıb. Həmçinin hər iki dövlətin şəhərsalma, tikinti və dayanıqlı urbanizasiya sahələrində təcrübə mübadiləsi aparmasının əhəmiyyəti qeyd olunub, özəl sektor nümayəndələri arasında birbaşa əlaqələrin qurulması və potensial investisiya layihələrində birgə iştirak məsələləri nəzərdən keçirilib.