Rusiya Nəqliyyat Nazirliyi və regional hakimiyyət orqanları 2026-cı ildə fərdi hərəkət vasitələri (FHV – skuter, moped və s.) üçün infrastrukturun inkişafı planlarını təsdiqləməyi hədəfləyir.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Rusiya hökumətinin qərarına əsasən, 2028-ci ilə qədər Daxili İşlər və Nəqliyyat nazirlikləri bu nəqliyyat vasitələrinin dövlət qeydiyyatını və nömrə nişanları ilə təminatını həyata keçirməlidir. Həmçinin 2030-cu ilə qədər skuterlərin təhlükəsizlik standartlarına uyğunluğunu təsdiqləyən məcburi markalanması məsələsi həll olunacaq.
Bu tədbirlər Baş nazir Mixail Mişustinin imzaladığı 2030-cu ilə qədər yol hərəkəti təhlükəsizliyinin artırılması strategiyasının icra planında yer alıb. Sənəddə həmçinin yol infrastrukturunun yenilənməsi, dördzolaqlı yollarda əks axınları ayıran qurğuların quraşdırılması və yeni piyada keçidlərinin tikintisi nəzərdə tutulur. Planda sürücülük məktəblərində hazırlığın təkmilləşdirilməsi və qəzalardan zərərçəkənlərə operativ yardım göstərilməsi bəndləri də əksini tapıb.