Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uşaqlar və gənclər üçün yaşanıla biləcək ağıllı şəhər mühitinin birgə dizaynı müzakirə edilib.

Postxronika.az xəbər verir ki, mövzu ilə bağlı keçirilən paneldə çıxış edən NAYORA sədri Rafael Hacıbəyli gənclərin şəhərsalma prioritetlərinin müəyyənləşdirilməsində iştirakının vacibliyini diqqətə çatdırıb.

Natiq ölkəmizdə gənc nəslin inkişafının milli prioritet olduğunu və bu strateji xəttin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. O, cəmiyyətdə fəal rol oynayan gənclərin öz potensiallarını ortaya qoymaları üçün müvafiq sahələrdə hərtərəfli etibarlı mühitin formalaşdırıldığını bildirib. Hazırda 156 gənclər birliyini çətiri altında cəmləşdirən təşkilatın əsas vəzifəsi isə bu şəxsləri dövlət qurumları və korporativ tərəfdaşlarla əlaqələndirməkdir.