Sürətli şəhərləşmə və iqlim çağırışları fonunda dayanıqlı şəhər mühitinin formalaşdırılması üçün inkişaf etməkdə olan ölkələr arasında innovativ dövlət xidmətləri sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi qlobal müstəvidə böyük əhəmiyyət kəsb edir.
Postxronika.az xəbər verir ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qlobal Cənub üçün Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq mövzusunda regionlararası dialoq təşkil edilib. Tədbirdə çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmisi Məhəmmədəli Xudaverdiyev "ASAN xidmət" modelinin vətəndaş məmnuniyyəti və dövlət xidmətlərinin əlçatanlığı sahəsindəki uğurlarını diqqətə çatdırıb. Paneldə iştirak edən BMT rəsmiləri Dima Al-Xəttib və Patrik Kanaqasinqham artan sosial tələbat fonunda tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar. Görüş çərçivəsində nümayəndələr dayanıqlı icmaların qurulmasında innovativ idarəçilik metodlarının rolu ətrafında geniş fikir mübadiləsi aparıblar.