Paytaxtımızda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) keçirildiyi ərəfədə qədim İçərişəhərdə genişmiqyaslı mədəni-əyləncəli layihələr reallaşdırılıb.
Postxronika.az xəbər verir ki, bu barədə məlumat müvafiq Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən yayılıb. Rəsmi açıqlamaya əsasən, mayın 18-dən 24-dək davam edən rəngarəng proqram çərçivəsində tarixi məkanda qastro-zonalar, ustad dərsləri, şəhərsalma yarmarkası və konsertlər təşkil olunub. Qoşa Qala və Qız Qalası meydanlarında, eləcə də Bakı Xanları Parkında qurulan pavilyonlar həm paytaxt sakinlərinin, həm də xarici qonaqların böyük marağına səbəb olub. Tədbirlərdə azyaşlıların yaradıcılığına geniş yer verilib, futuristik memarlıq layihələri nümayiş etdirilib və kiçik biznes sahiblərinə dəstək məqsədilə sərgi-satışlar keçirilib. Qeyd edək ki, silsilə proqramlar bu gün saat 15:00-da baş tutacaq interaktiv əyləncə proqramı ilə yekunlaşır.