ABŞ Hörmüz boğazının açılmasını gözləyir və bundan sonra İranla nüvə problemini müzakirə etməyə hazır olacaq.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio "The New York Times" qəzetinə müsahibəsində bəyan edib. Rubio boğazın dərhal açılmalı olduğunu və yalnız bundan sonra razılaşdırılmış parametrlər çərçivəsində uranın zənginləşdirilməsi barədə çox ciddi danışıqlara başlayacaqlarını vurğulayıb.
Nəşrin qiymətləndirməsinə görə, Dövlət katibi bu açıqlaması ilə ABŞ administrasiyasının müvəqqəti razılaşmaya hazır olduğuna işarə edib. Qeyd olunur ki, rəsmi Vaşinqton Tehranın heç vaxt nüvə silahına sahib olmaması barədə öhdəlik götürməsində israrlıdır. Öz növbəsində, İran rəhbərliyi ölkənin nüvə proqramının müstəsna olaraq dinc məqsədlər daşıdığını və heç vaxt atom bombası əldə etmək niyyətində olmadıqlarını dəfələrlə bəyan edib.