Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına uyğun olaraq, Xüsusi Təyinatlı Qüvvələrin "N" hərbi hissəsində ehtiyatda olan hərbi vəzifəlilərlə növbəti təlim toplanışı baş tutub.
Postxronika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə təşkil edilən tədbirin əsas məqsədi iştirakçıların peşəkarlıq səviyyəsini, nəzəri biliklərini və praktiki vərdişlərini artırmaqdır. Kurs müddətində şəxsi heyətlə atəş, taktiki, sıra və fiziki hazırlıq üzrə məşğələlər keçirilib. Eyni zamanda, çağırışçıların mənəvi-psixoloji durumunu gücləndirmək məqsədilə ictimai-siyasi mövzularda maarifləndirici və vətənpərvərlik ruhunda söhbətlər aparılıb. Uğurla yekunlaşan bu tədbir ordunun ehtiyat qüvvələrinin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına mühüm töhfə verib.