Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfəri çərçivəsində Musaküçə kəndində xalq sənəti ilə məşğul olan qadınlarla bir araya gəlib.

Postxronika.az xəbər verir ki, görüş zamanı o, qədim həsir toxuculuğu sənətini yaşadan "Rooted Hands" layihəsinin iştirakçıları ilə həmsöhbət olub, onların əl işləri ilə tanış olub və yerli sənətkarlarla birlikdə həsir toxuyub. Bölgə qadınlarının məşğulluğunu və iqtisadi dayanıqlığını dəstəkləyən bu qədim peşənin yaşadılması məqsədilə Leyla Əliyevanın təşəbbüsü ilə onlara yaradıcılıq, təlim və satış üçün yenilənmiş məkan bəxş edilib. Qeyd edək ki, yerli sənətkarlığı müasir dizaynla birləşdirən bu beynəlxalq layihə ötən il Milan Moda Həftəsində də uğurla nümayiş olunub. Sonda tədbir iştirakçıları sənətin incəliklərindən bəhs edən qısa sənədli filmə baxıblar, layihə barədə ətraflı məlumat isə rəsmi veb-saytda yerləşdirilib.