"Böyük Qayıdış" proqramı çərçivəsində növbəti köç karvanı ilə doğma yurduna qovuşan sakinlərin yerləşmə prosesi baş tutub.
Postxronika.az xəbər verir ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatan ailələr rəsmi şəxslər tərəfindən qarşılandıqdan sonra onlara yeni mənzillərinin açarları təhvil verilib. Mərasim zamanı ANAMA mütəxəssisləri tərəfindən sakinlərlə mina və partlamamış sursatların yaratdığı risklərə dair maarifləndirici söhbətlər aparılıb, təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi xatırladılıb. Prezidentin xüsusi nümayəndəliyinin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsinin rəsmilərinin iştirak etdiyi tədbirdən sonra vətəndaşlar sevinclə öz ocaqlarında məskunlaşıblar. Xatırladaq ki, indiyədək müvəqqəti sığınacaqlarda və yarımçıq tikililərdə yaşayan daha 119 ailə (535 nəfər) bu mərhələdə daimi yaşayış sahəsi ilə təmin olunub.