Qurban bayramı və Müstəqillik Günü səbəbindən ölkə daxilindəki bütün avtovağzal kompleksi və avtostansiyalar mayın 26-dan 31-dək gücləndirilmiş iş qrafiki ilə işləyəcək.

Postxronika.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sərnişinlərin daşınması prosesinin fasiləsiz, təhlükəsiz və qanunauvğun tariflərlə reallaşdırılması üçün daşıyıcılara xüsusi tapşırıqlar verib. Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişin axınına uyğun olaraq nəqliyyat vasitələrinin hərəkət intervalına və sürücülərin qaydalara əməl etməsinə xüsusi nəzarət ediləcək.

Yaranacaq sıxlığın qarşısını almaq üçün marşrut xətlərinə kifayət qədər əlavə avtobusların cəlb olunması nəzərdə tutulur. Vətəndaşlara vaxta qənaət etmək və rahat səyahət etmək məqsədilə biletləri avtovağzal kassaları ilə yanaşı, "biletim.az" platformasından onlayn formatda əldə etmək tövsiyə olunur. Hazırda nağdsız ödəniş imkanı yaradan həmin sistemə 94 istiqamət üzrə 361 reys və 409 nəqliyyat vasitəsi inteqrasiya edilib.