Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Xankəndi şəhərində "GP Safety" MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib.
Postxronika.az xəbər verir ki, şirkətin təsisçisi Hikmət Əsədov dövlət başçısına illik istehsal gücü 25 milyon cüt olan və dörd növdə məhsul hazırlayacaq fabrik barədə məlumat verib. Ümumi investisiya həcmi 3,5 milyon manat təşkil edən yüngül sənaye obyektində ilkin mərhələdə 35 nəfər yerli sakin işlə təmin olunacaq. Zavodun ərsəyə gəlməsi üçün dövlət tərəfindən 1 milyon manat güzəştli kredit ayrılıb, həmçinin gətirilən avadanlıqlar üçün 238 min manatlıq ƏDV azadolması tətbiq edilib. İlkin olaraq daxili tələbata yönələn rəqabətqabiliyyətli məhsulların gələcəkdə Avropa bazarlarına ixracı da planlaşdırılır. Bu layihə Qarabağın iqtisadi potensialının bərpası, sənayenin şaxələndirilməsi və regionda məşğulluğun artırılması istiqamətində mühüm addımdır.