Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir təşkil edilib.

Postxronika.az xəbər verir ki, rəsmi qəbulda İspaniya Xarici İşlər Nazirliyinin Baş direktorluğunun rəhbəri Luis Fonseka Sançez, dövlət rəsmiləri, diplomatlar və Azərbaycan icmasının üzvləri iştirak ediblər. Ölkəmizin İspaniyadakı səfiri Ramiz Həsənov Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsindən və bu gün qazanılan mühüm dövlətçilik nailiyyətlərindən bəhs edib. Çıxışda həmçinin Prezident İlham Əliyevin sülhün təşviqi sahəsindəki səylərinə görə bu il İspaniyada "Sülh və Barışıq üçün Gernika" mükafatına layiq görüldüyü diqqətə çatdırılıb. Sonda qonaqlara tar ifaçısı İbrahim Babayev ilə ispan flamenko rəqqasəsi Kristina Kazorlanın birgə musiqi sintezi və milli mətbəximizin ləziz nümunələri təqdim olunub.