Rusiyada bank əməliyyatlarına nəzarəti yaxın bir şəxsə həvalə etməyə imkan verən "ikinci əl" (вторая рука) təhlükəsizlik xidmətindən istifadə edənlərin sayı 3,5 milyon nəfəri keçib.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Bankının istehlakçıların hüquqlarının müdafiəsi xidmətinin rəhbəri Mixail Mamuta SPIEF-2026 (Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu) çərçivəsində məlumat verib.

Xidmətin şərtlərinə görə, vətəndaşlar pul köçürmələrini təsdiqləmək və ya ləğv etmək hüququnu öz qohumuna və ya dostuna etibar edə bilərlər. Şübhəli əməliyyatların qarşısını alan bu köməkçi şəxsin hesaba birbaşa çıxışı olmur və o, müstəqil şəkildə heç bir əməliyyat apara bilmir. Bu mexanizm ilk növbədə yaşlı insanları fırıldaqçılardan qorumaq, həmçinin yeniyetmələrin maliyyə fırıldaqlarına (dropper) alət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

Mamuta qeyd edib ki, kibersavadlılığın artması və bu cür yeni alətlərin tətbiqi sayəsində ölkədə ümumi fırıldaqçılıq aktivliyində azalma tendensiyası müşahidə olunur.