Cari ilin mart–aprel aylarında müşahidə olunan güclü leysan yağışları və sel suları Bakı şəhərində, eləcə də ölkənin bir sıra bölgələrində yol infrastrukturuna ciddi ziyan vurub.

Postxronika.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) dəymiş ziyanın aradan qaldırılması və gələcəkdə oxşar risklərin minimuma endirilməsi məqsədilə dövlət başçısının müvafiq Sərəncamına əsasən təxirəsalınmaz tədbirlərə başlayıb.

​Hazırda Bakı şəhəri ilə yanaşı, 8 rayonun – Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Ağsu və İsmayıllının ərazisində ümumilikdə 25 avtomobil yolunda bərpa işləri həyata keçirilir. Layihə çərçivəsində zədələnmiş yol hissələri, körpülər və suötürücü qurğular təmir olunur, riskli ərazilərdə mühafizə tədbirləri gücləndirilir.

​Görülən tədbirlərin əsas məqsədi nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətini təmin etməklə bölgələrarası nəqliyyat əlaqəsini tam bərpa etməkdir. Bununla bərabər, intensiv yağıntılar zamanı yarana biləcək fəsadların qarşısının alınması üçün əlavə qabaqlayıcı addımlar da atılır.

​Agentlikdən bildirilib ki, təmir-bərpa işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun aparılır və prosesin qısa müddətdə başa çatdırılması üçün zəruri texnika və işçi qüvvəsi ərazilərə səfərbər olunub.