Azərbaycan mədəniyyətinə və ictimai fikrinə ağır itki üz verib. Görkəmli yazıçı-dramaturq, publisist, tərcüməçi, dövlət xadimi və diplomat, Əməkdar incəsənət xadimi Hidayət Orucov ömrünün 82-ci ilində vəfat edib.
Postxronika.az xəbər verir ki, ədib iyunun 13-də dünyasını dəyişib.
Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycanın Mehri rayonunun Maralzəmi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirdikdən sonra geniş ədəbi fəaliyyətə başlayıb. O, 1968-ci ildən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışıb, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib və İrəvan Pedaqoji İnstitutunda dərs deyib.
Yazıçı 1984-1992-ci illərdə Bakıda "Gənclik" nəşriyyatında rəhbər vəzifələrdə çalışarkən "Dünya uşaq ədəbiyyatı kitabxanası", "Azərbaycan folkloru" kimi mühüm çoxcildli seriyaların işıq üzü görməsinə rəhbərlik edib.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Hidayət Orucov uzun illər dövlət idarəçiliyində mühüm postlar tutub. O, 1992-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq olaraq millətlərarası münasibətlər, milli siyasət, həmçinin milli azlıqlar və dini qurumlarla iş üzrə dövlət müşaviri vəzifələrində çalışıb. 2006-2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edib, 2012-2021-ci illərdə isə Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri kimi diplomatik fəaliyyət göstərib.
Yaradıcılığı boyu poeziya, nəsr, publisistika və tərcümələrdən ibarət 60-dan çox kitabı nəşr olunan müəllifin "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası bir çox xarici dillərə tərcümə edilib. Onun çoxşaxəli xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilərək “Şöhrət”, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri və Prezidentin fəxri diplomu ilə təltif olunub.
Mədəniyyət Nazirliyinin kollektivi görkəmli ədibin vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!