14 iyun – Ümumdünya Qan Donoru Günü münasibətilə Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova qan donorluğunun cəmiyyət və səhiyyə sistemi üçün əhəmiyyəti barədə danışıb.
Postxronika.az xəbər verir ki, mütəxəssis müasir tibbin inkişafına baxmayaraq, insan qanını tam əvəz edə biləcək süni vasitənin hələ də tapılmadığını xatırladıb.
Afət Zeynalova bildirib ki, qan donorluğu könüllü və təmənnasız şəkildə həyata keçirilməli olan mühüm humanitar fəaliyyətdir. Donor qanı cərrahiyyə əməliyyatları, doğuş və qəzalar zamanı yaranan kəskin qanaxmalarda, həmçinin talassemiya, hemofiliya və leykemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində həyati rol oynayır. Donorun verdiyi bir vahid qan eritrosit kütləsi, trombosit və plazma olmaqla üç fərqli komponentə ayrılaraq bir neçə xəstənin müalicəsində eyni anda istifadə edilə bilir.
Mütəxəssisin sözlərinə görə, 18–65 yaş arası, bədən çəkisi ən azı 50 kiloqram olan və sağlamlıq vəziyyəti tibbi tələblərə cavab verən hər bir şəxs donor ola bilər. Qan vermək istəyən şəxslər mütləq əvvəlcədən tibbi müayinədən keçirilir, onların təzyiqi, nəbzi, temperaturu və qandakı hemoqlobin səviyyəsi yoxlanılır. Lakin qrip, soyuqdəymə, hamiləlik, ciddi ürək-damar xəstəlikləri, ağır qaraciyər və böyrək çatışmazlığı olan şəxslərin qan verməsinə müvəqqəti və ya daimi olaraq icazə verilmir.
Müsahibədə qan komponentlərinin saxlanma müddətinin məhdud olduğu xüsusi vurğulanıb. Belə ki, eritrositlər 35–42 gün, trombositlər isə cəmi 5 gün müddətində saxlanıla bildiyi üçün qan ehtiyatlarının mütəmadi olaraq yenilənməsi səhiyyə sisteminin davamlılığı üçün strateji əhəmiyyət kəsb edir.