İyunun 13-də və 14-də ölkə ərazisində cinayətkarlığa qarşı mübarizə, asayişin qorunması və qanunsuzluqların qarşısının alınması istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Postxronika.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, keçirilən tədbirlər nəticəsində son iki gündə ölkə ərazisində qeydə alınan 78, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb. Bununla yanaşı, axtarışda olduğuna görə ümumilikdə 83 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşlarının diqqət mərkəzində olan mühüm məsələlərdən biri də itkin düşən şəxslərin tapılması olub. Belə ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq ailələrinə və aidiyyəti qurumlara təhvil verilib. Eyni zamanda, dələduzluq əməllərinə görə axtarışda olan daha 8 nəfər saxlanılaraq istintaqa cəlb edilib.
Qanunsuz silah-sursatın yığılması çərçivəsində 12 fakt müəyyən edilərkən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xətti ilə 26 fakt aşkarlanıb. Əməliyyatlar zamanı ümumi çəkisi 32,7 kiloqrama yaxın narkotik vasitə və 1807 ədəd güclü təsiredici xassəyə malik həb qanunsuz dövriyyədən çıxarılıb.
Narkotik tərkibli bitkilərin kultivasiyası və yayılmasının qarşısını almaq məqsədilə xüsusi tədbirlər də icra olunub. Baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu götürülüb, həmçinin yabanı halda bitmiş 670 kiloqram çəkidə 12 880 ədəd çətənə kolu aşkarlanaraq tamamilə məhv edilib.
Daxili İşlər Nazirliyi tərəfindən bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.