Rusiya Federasiyasından Ermənistana növbəti məhsul tədarükü Azərbaycan ərazisindən tranzit keçməklə reallaşdırılır. Şimal qonşumuzdan gələn növbəti yük partiyası artıq ölkəmizin dəmir yolu xətləri vasitəsilə hərəkətə başlayıb.
Postxronika.az xəbər verir ki, ümumi çəkisi 490 ton olan və 7 vaqondan ibarət buğda yükü 15 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə uğurla göndərilib. regional nəqliyyat dəhlizlərinin aktivliyini göstərən bu daşımalar çərçivəsində indiyədək Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü), 133 ton alüminium və 68 ton qarabaşaq nəql edilib.
Eyni zamanda, bu ticari-logistik əlaqələr təkcə üçüncü ölkələrin tranziti ilə məhdudlaşmır. Belə ki, Azərbaycandan birbaşa Ermənistana neft məhsullarının da ixracı həyata keçirilir. Bu xətlə hazırkı dövrədək qarşı tərəfə 13 min tondan artıq dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin satılıb.