Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib ki, ölkəsində davam edən müharibə qarşıdakı altı ay ərzində sona çata bilər. O, bu açıqlamanı Kiprə səfəri zamanı verib.
Postxronika.az xəbər verir ki, Prezidentin sözlərinə görə, Avropa ölkələri, ABŞ və koalisiyanın digər üzvləri ilə aparılan danışıqlar yeni mərhələyə keçib. Bu mərhələ yaxın aylarda döyüşlərin dayandırılması üçün real imkanlar yaradır.
Zelenski bildirib ki, sülhün əldə olunması Rusiyaya qarşı təzyiqin gücləndirilməsindən asılıdır. O, Avropa İttifaqının bu prosesdə mühüm rol oynadığını və sanksiyaların davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Rusiya itirdiyi hər dolları aqressor kimi itirir”, – deyə Ukrayna Prezidenti qeyd edib.
Xatırladaq ki, Parisdə keçirilən son sammitdə atəşkəs əldə olunacağı halda Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi gündəmə gətirilib. Fransa, Böyük Britaniya və bəzi digər ölkələr öz qoşunlarını Ukraynaya göndərməyə hazır olduqlarını bildiriblər. Almaniya da daxil olmaqla bir sıra dövlətlər isə Ukraynaya ölkə xaricindən hərbi dəstək verməyə hazır olduqlarını açıqlayıblar.