Paytaxt yollarında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan sürücü məsuliyyətə cəlb olunub.

Postxronika.az Bakı Şəhər DYP İdarəsinə istinadən xəbər verir ki, avtoxuliqanlıq edən “Khazar” markalı, 77-GQ-602 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Eltun Həşimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğu üçün onun dərhal tibbi müayinədən keçməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən E.Həşimovun sükan arxasında narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

Faktla bağlı sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Həşimovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka müddətinə inzibati qaydada həbs edilib.