Sosial şəbəkələrdə Çindən Azərbaycana 8 min ədəd tabutun gətirilməsi ilə bağlı yayılan iddialar geniş müzakirələrə və narahatlığa səbəb olmuşdu.
Postxronika.az Baku TV-yə istinadən xəbər verir ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi rəsmi açıqlama yayaraq vəziyyətə aydınlıq gətirib. Komitənin bildirdiyinə görə, əslində söhbət tabutlardan yox, taxta paltar sancaqlarından gedir.
Gömrük bəyannaməsində malın təsviri və kodunda yol verilən texniki xəta bu çaşqınlığa zəmin yaradıb. DGK-nın açıqlamasında deyilir:
"Çin Xalq Respublikasından idxal edilən 'taxta paltar sancaqları' rəsmiləşdirilən zaman bəyannamədə XİF MN kodunun ilk 4 rəqəmi düzgün qeyd olunsa da, 5-ci və 6-cı rəqəmlərdə texniki səhvə yol verilib. Nəticədə sistemdə mal paltar sancağı kimi yox, tabut kimi qeydə alınıb."
Komitə qeyd edib ki, gömrük bəyannaməsində dərhal müvafiq düzəlişlər edilib və yaranmış texniki xəta aradan qaldırılıb. Xatırladaq ki, minlərlə tabutun gətirilməsi barədə məlumat cəmiyyətdə müxtəlif suallar doğurmuşdu, lakin rəsmi cavab bu iddiaların əsassız olduğunu sübut etdi.