Türkiyə atəşkəs əldə olunduqdan sonra Ukraynaya sülhməramlı qüvvələr göndərə bilər.
Postxronika.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat üçün yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, Ankara Rusiya-Ukrayna müharibəsində dayanıqlı atəşkəsin təmin olunmasına yönəlmiş bütün konstruktiv təşəbbüsləri dəstəkləməyə hazırdır.
Bildirilib ki, Türkiyə hərbçilərinin beynəlxalq sülhməramlı missiyanın tərkibində Ukraynaya göndərilməsi üçün ilk növbədə atəşkəsə nail olunmalı, bundan sonra isə missiyanın formalaşdırılması, vəzifələrin dəqiq bölgüsü və hər bir ölkənin töhfəsinin müəyyənləşdirilməsi zəruridir.
Nazirlik həmçinin vurğulayıb ki, Türkiyə mümkün atəşkəsdən sonra Qara dənizdə təhlükəsizlik və sabitliyin, eləcə də gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş hərbi planlaşdırmaya rəhbərlik edir.