Aralarında "Amazon", "H&M", "Inditex" (Zara) və "Ikea" kimi nəhənglərin də yer aldığı Avropa Pərakəndə Ticarət Assosiasiyası ("Eurocommerce") süni intellekt vasitəsilə hazırlanan reklamların yeni məcburi markalanma qaydalarından azad edilməsini tələb edir. Qurum bununla bağlı Avropa İttifaqının (Aİ) texnologiyalar üzrə rəhbəri Henna Virkkunenə müraciət ünvanlayıb.

Postxronika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, avqustun 2-də qüvvəyə minəcək "Aİ Süni İntellekt Aktı" (EU AI Act) şirkətlərdən "dipfeyk" (deep fake) xarakterli və ya süni intellektlə dəyişdirilmiş şəkil, video və audio materialları açıq şəkildə markalamağı tələb edir.

​Assosiasiyanın baş direktoru Kristel Delberq müraciətdə qeyd edib ki, istifadəçiləri aldatmaq məqsədi daşımayan süni intellektli reklamlar "dipfeyk" tərifinə daxil edilməməlidir. Məktubda nümunə olaraq göstərilib ki, hər hansı bir divanı nümayiş etdirmək üçün süni intellektlə qonaq otağı vizualı yaratmaq və ya məhsulun görünüşünü yaxşılaşdırmaq müştərini çaşdırmaq xarakteri daşımır.

​Hazırda pərakəndə satış sektorunda bu texnologiyadan geniş istifadə olunur. Məsələn, Almaniyanın onlayn satış platforması "Zalando" süni intellekt sayəsində kontent istehsalı xərclərini 90% azaltdığını, "H&M" və "Zara" isə geyimlərin nümayişində süni intellektlə yaradılmış model klonlarından yararlandığını bildirib.

​Qurum rəsmisi vurğulayıb ki, yeni qaydaların bütün reklamlara tətbiq edilməsi satıcıları demək olar ki, hər bir vizualı markalamağa məcbur edəcək və bu da istehlakçılar üçün xəbərdarlığın real əhəmiyyətini itirəcək. Avropa Komissiyası məsələ ilə bağlı hələlik rəsmi şərh verməyib.