Qərbi Avropanın böyük bir hissəsini yenidən ekstremal isti hava dalğası cənginə alıb və bəzi bölgələrdə temperaturun 40 dərəcəni aşacağı gözlənilir. Təbii anomaliyanın ən çox təsir etdiyi Fransada əhalinin böyük qisminə təhlükə xəbərdarlığı edilib, bəzi qatar reysləri ləğv olunub və məktəb imtahanları təxirə salınıb.

Postxronika.az xəbər verir ki, ölkə prezidenti Emmanuel Makron vətəndaşları maksimum ayıq-sayıq olmağa və həssas qruplara qayğı göstərməyə çağırıb. Artıq paytaxt Paris yaxınlığında yüksək hərarət səbəbindən 30 yaşlı gəncin ürək tutmasından vəfat etdiyi bildirilir. Şiddətli bürkü ilə əlaqədar bir neçə nüvə stansiyasında enerji istehsalının azaldılması və kütləvi tədbirlərin ləğvi nəzərdə tutulur. Təhlükəli hava şəraiti İspaniya və Almaniyanı da əhatə edib; yerli qurumlar tərəfindən əhaliyə ehtiyatlı olmaq, mümkün qədər fiziki fəaliyyətdən çəkinmək tövsiyə olunub.