Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, qanunsuz silah-sursatın yığılması və narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Postxronika.az Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, iyunun 22-də polis əməkdaşlarının respublika ərazisində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt və ayrı-ayrı rayonlarda vətəndaşlardan qanunsuz saxlanılan 4 avtomat silahı, 4 tüfəng, 3 patron darağı və 177 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

​Həmin gün keçirilən digər əməliyyatlar zamanı ümumi çəkisi 34,9 kiloqrama yaxın narkotik vasitə və 200 ədəd güclü təsiredici xassəyə malik metadon həbi qanunsuz dövriyyədən çıxarılıb. Eyni zamanda, kultivasiya yolu ilə yetişdirilmiş 140 ədəd çətənə kolu aşkar edilərək götürülüb, yabanı halda bitmiş 13,4 ton çəkidə (47 min 152 ədəd) çətənə kolu isə kökündən çıxarılaraq məhv edilib.

​Uğurlu əməliyyat tədbirlərinin davamı olaraq, dələduzluq əməllərinə görə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 8 nəfər də polis əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə istintaq orqanlarına təhvil verilib. Nazirlikdən qeyd olunan istiqamətlər üzrə qətiyyətli əməliyyat və profilaktik tədbirlərin hazırda da davam etdirildiyi bildirilib.