Müasir fizikanın ən parlaq simalarından biri olan Stiven Houkinq qara dəliklər və kainatın mənşəyi haqqında təsəvvürlərimizi kökündən dəyişib. O, 8 yanvar 1942-ci ildə İngiltərənin Oksford şəhərində anadan olub. Bu tarix həm də dahi astronom Qalileo Qalileyin vəfatının 300-cü ildönümüdür.


21 yaşında ikən Stiven Houkinqə ALS diaqnozu qoyulub. Həkimlər onun cəmi 2 il ömrü qaldığını desələr də, o bu amansız xəstəliklə 55 il mübarizə apararaq 76 yaşında, dahi fizik Albert Eynşteynin doğum günündə (14 mart 2018) vəfat edib.

Elmi nailiyyətləri və nəzəriyyələri

Stiven Houkinq elmi irsi müasir kosmologiyanın sütunlarından biridir:

• Houkinq Radiasiyası: O, qara dəliklərin tamamilə "qara" olmadığını, kvant effektləri nəticəsində radiasiya şüalandıraraq zamanla buxarlandığını sübut edib.

• Təkdəlik: Roger Penrose ilə birlikdə kainatın bir təkdəlikdən (Big Bang) başladığını riyazi olaraq göstərib.

• Hüdudsuzluq təklifi: Kainatın həm məkanda, həm də zamanda sonu olmadığını, lakin qapalı bir struktura malik olduğunu irəli sürüb.


Əsas Əsərləri  

 Houkinq mürəkkəb elmi mövzuları milyonlara sevdirməyi bacaran ustad bir yazıçı idi:

1. Zamanın qısa tarixi: Dünya miqyasında 10 milyondan çox nüsxə ilə satılan bu kitab onu beynəlxalq elmi ulduza çevirib. 

2. Qoz qabığında kainat: Kvant fizikası və nəzəri fizikanı daha vizual şəkildə izah edən məşhur əsəridir.

3. Böyük layihə: Leonard Mlodinow ilə birgə yazdığı bu kitabda kainatın yaranma mexanizmləri tədqiq olunur.

4. Corcun Kainat Sirrləri: Qızı Lucy Houkinq ilə birlikdə uşaqlar üçün hazırladığı elmi nağıl silsiləsi.

 


İrsi və Sitatları

Ömrünün böyük hissəsini hərəkətsiz keçirən Houkinq 2007-ci ildə xüsusi təyyarə ilə sıfır yerçəkimi mühitində oldu. Arabasından havaya qalxan dahi alim həmin anı "Həyatımın ən böyük azadlığı" kimi xarakterizə etmişdi. Onun ən böyük arzusu isə kosmosun dərinliklərinə səyahət etmək idi.

Onun külləri Londondakı Westminster Abbey-də, Isaak Nyuton və Çarls Darvinin məzarlarının yanında basdırılıb.

"Ulduzlara baxmağı unutmayın, ayaqlarınıza deyil". 


Müjgan Əhməd