İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə müharibəyə daimi son qoyulması məqsədilə aparılan danışıqlar fonunda Pakistana səfər edib. Səfər ABŞ və İran arasında davam edən müzakirələrin həlledici mərhələyə daxil olduğu vaxta təsadüf edir.
Postxronika.az "Associated Press" informasiya agentliyinə istinadən xəbər verir ki, Məsud Pezeşkian çərşənbə axşamı Pakistan rəsmiləri ilə görüşlər keçirmək üçün İslamabada gəlib.
Məlumata görə, Pakistan tərəfi Tehran və Vaşinqton arasında aparılan danışıqlarda vasitəçilik rolunu oynayır. Bu arada ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın İsveçrədə keçirdiyi yüksək səviyyəli görüşdən sonra texniki qruplar mümkün razılaşmanın detalları üzərində çalışırlar.
Tehranda jurnalistlərə açıqlama verən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə obyektlərinə səfəri ilə bağlı hər hansı proqramın nəzərdə tutulmadığını bildirib.
Bu açıqlama ABŞ tərəfinin əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edir. Belə ki, Cey Di Vens İsveçrədəki danışıqlar zamanı BAEA-nın həmin obyektlərdə yoxlama aparmasına dair razılıq əldə olunduğunu bildirmişdi.
Qeyd edək ki, BAEA 2025-ci ildə İsrail və İran arasında baş vermiş 12 günlük müharibədən sonra dəfələrlə İrana səfər etsə də, ABŞ-nin həmin dövrdə hədəf aldığı zənginləşdirmə obyektlərinə giriş icazəsi ala bilməyib.