Bu gün Şəmkir (Şamxor) döyüşünün 108-ci ildönümüdür.

1918-ci ilin yanvarın 8-də (yeni təqvimlə 22-də) Zaqafqaziya Komissarlığının qərarı əsasında Qafqaz cəbhəsindən geri qayıdan rus qoşunlarının tərksilah edilməsi əməliyyatına başlanıldı. Azərbaycan müsavatçılarından, gürcü menşeviklərindən və erməni daşnaklarından ibarət olan Komissarlığın əsas məqsədi bolşevik təbliğatının təsiri altına düşmüş silahlı rus əsgərlərinin Bakıya daxil olmasının qarşısını almaq və Zaqafqaziya Komissarlığına qarşı mümkün hərbi-siyasi təhlükəni neytrallaşdırmaq idi.

Xüsusilə qeyd edilməlidir ki, rus əsgərlərinin tərksilah edilməsində ən maraqlı tərəf Müsəlman Milli Şurası idi. Çünki 1917-ci ilin sonuna qədər erməni və gürcü siyasi dairələri öz milli silahlı dəstələrini formalaşdırdıqları halda, Müsəlman Milli Korpusunun ixtiyarında kifayət qədər silah və döyüş sursatı yox idi. Bu fakt general Əliağa Şıxlinski tərəfindən də xatirələrində açıq şəkildə etiraf olunur.

Məhz bu səbəbdən 1918-ci ilin yanvarın 8-də Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi Gəncə Komitəsi Şəmkir dəmiryolu stansiyasında dayanan rus hərbi eşelonundan silahların Müsəlman Milli Korpusunun tərkibində fəaliyyət göstərən Vəhşi Diviziyaya verilməsini tələb etdi. Lakin rus əsgərlərinin əksəriyyəti bu tələblə razılaşmadı və silahların təhvil verilməsinə qarşı müqavimət göstərdi. Nəticədə rus əsgərləri ilə Vəhşi Diviziya arasında silahlı toqquşma baş verdi.

Tərksilah əməliyyatına ümumi rəhbərlik gürcü knyazı, polkovnik L. Maqalov tərəfindən həyata keçirilirdi. Hərbi əməliyyatlara isə birbaşa Azərbaycan siyasi xadimləri Aslan bəy Səfikürdski və Xudadat bəy Rəfibəyov rəhbərlik edirdilər. Müxtəlif mənbələrin verdiyi məlumata görə, baş verən toqquşma nəticəsində təxminən 100–150 nəfər rus əsgəri, Müsəlman Milli Korpusunun isə 10–20 nəfər döyüşçüsü həlak olmuşdu.

Şəmkir döyüşü Bakıda Sovet hakimiyyətinin Müsavata və Zaqafqaziya Komissarlığına qarşı apardığı ideoloji mübarizədə mühüm təbliğat alətinə çevrildi. Qeyd etmək lazımdır ki, hələ 1917-ci ilin dekabrında Gəncədə erməni və ruslardan ibarət 219-cu piyada diviziyasının Vəhşi Diviziya tərəfindən tərksilah edilməsi Müsavatla Bakı Soveti arasında münasibətləri xeyli gərginləşdirmişdi. Şəmkir hadisəsi isə bu gərginliyi ən yüksək həddə çatdırdı.

Bakıda Stepan Şaumyanın rəhbərlik etdiyi bolşevik fraksiyası bu hadisəni "müsəlman burjua millətçilərinin inqilabçı rus əsgərlərinə qarşı törətdiyi qırğın" kimi təqdim edərək Bakı Sovetində öz mövqelərini gücləndirməyə nail oldu. Daşnak partiyası isə Şəmkir döyüşündən "müsəlman təhlükəsi" obrazını formalaşdırmaq, erməni əhalisini səfərbər etmək və bolşeviklərlə siyasi-hərbi ittifaqı möhkəmləndirmək üçün istifadə etdi.

Beləliklə, Şəmkir döyüşü Stepan Şaumyanın rəhbərlik etdiyi bolşevik fraksiyası ilə ideoloji baxımdan bir-birinə zidd olan Daşnak partiyasının maraqlarının kəsişməsinə səbəb oldu. Bolşeviklər Müsavatın silah ehtiyatı toplamasını Bakıda Sovet hakimiyyəti üçün ciddi təhlükə kimi qiymətləndirir, Daşnaklar isə erməni əhalisinə qarşı mümkün qırğın qorxusunu ön plana çəkirdilər. Nəticədə bu ortaq maraqlar 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələrin əsas siyasi-psixoloji zəminini formalaşdıran mühüm amillərdən birinə çevrildi.

Mənbələr:

1.Cəmil Həsənli "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti", 2009.

2. Firuz Kazemzadeh "The Struggle for Transcaucasia" (Princeton University Press, 1951)

3. Ronald Grigor Suny "The Baku Commune, 1917-1918" (Cambridge University Press, 1972)

4. Tadeusz Swietochowski "Russian Azerbaijan 1905–1920" (Cambridge University Press, 1985)

5. William Henry Chamberlin " The Russian Revolution, 1917–1921" (Princeton University Press, 1935)

6. Анисимов А. Л. "Революция и гражданская война в Закавказье (1917–1918)"

Москва, 1965.

7. Смирнов Н. А."Борьба за власть в Баку и Закавказье" Ленинград, 1963.

8. Əliağa Şıxlinski “Xatirələrim” Bakı, 1984.


Əli Novruzov (tarixçi)