Almaniya Prezidenti Frank-Valter Ştaynmayyer ABŞ-nin hazırkı xarici siyasətini kəskin tənqid edərək, Vaşinqtonun qlobal sabitliyi təhlükə altına atdığını bildirib. 

Postxronika.az xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yayıb.

“Dünya quldur yuvasına çevrilməməlidir”

Berlində keçirilən simpoziumda çıxış edən Prezident Ştaynmayyer qlobal demokratiyanın və beynəlxalq hüququn görünməmiş hücumlarla üz-üzə qaldığını vurğulayıb. O, ABŞ-nin son addımlarını—xüsusilə Venesuela və Qrenlandiya ətrafındakı hadisələri nəzərdə tutaraq— dünya nizamının ciddi şəkildə aşınması kimi qiymətləndirib.

Almaniya dövlət başçısı xəbərdarlıq edib ki, dünya “vicdansızların istədiklərini götürdüyü bir quldur yuvasına” çevrilmək riski ilə üz-üzədir:

“Ən mühüm tərəfdaşımız olan ABŞ tərəfindən dəyərlərin sarsılması baş verir. Bu elə həmin ABŞ-dır ki, vaxtilə mövcud dünya nizamının qurulmasına kömək etmişdi. Biz dünyanın qüdrətli dövlətlərin bölgələri və bütöv ölkələri öz mülkiyyəti kimi gördüyü bir yerə çevrilməsinin qarşısını almalıyıq.”

Ştaynmayyer Rusiyanın Ukraynaya müdaxiləsini birinci tarixi qırılma adlandırsa da, ABŞ-nin hazırkı davranışlarını ikinci böyük "epoxal qırılma" kimi xarakterizə edib. O, Fransanın dövlət başçısı Emmanuel Makronun da səsləndirdiyi fikirlərə şərik çıxaraq, Avropanın öz strateji muxtariyyətini qorumasının və beynəlxalq hüququ müdafiə etməsinin vacibliyini qeyd edib.