"Xoşbəxt olmaq üçün insan münasibətlərinə ehtiyac yoxdur. Tanrı hər şeyi ətrafımıza yerləşdirib".
Arzuladığın həyat, xoşbəxtliyinin yeganə mənbəyi zənn etdiyin, təkcə çıxış yolun olan həyat səni öz caynaqlarıyla boğarsa… Artıq dönmək kimi bir şansın da yoxdur. Çarəsizsən. Düşdüyün vəziyyəti deyil də, umduğun şəraiti düşünərsən, zamanın daraldıqca, ürək döyüntülərin yeknəsəkləşincə. Yalnızlıqla göz-gözəsən. Amma şikayətlənmirsən bundan. Çünki bu, sənin öz seçimindir. Onlara qalib olduğunu göstərməlisən. Üzülmə. Sən heç də məğlub deyilsən. Qoy, onlar səni zəif birisi olaraq xatırlamasınlar. Onlar üçün ən pik nöqtədə olub, aşılması qeyri mümkün zənn etdikləri məhdudiyyətləri qırmısan, qoy öz reallığın onların sifətinə nəhəng qaya parçasıtək çarpsın. Üzləri parçalansın. Bəlkə də məğlub olacaqsan. Amma bunu unutma. Elə et ki, sənin məğlubiyyətin onların qulaqlarına "müzəffərlik simfoniyası" kimi dəysin. Sağ qalmasan belə. Sənin cəsədin nələri bacardığını diktə etsin onların gözü önündə. Üzülmə. Sən heç də məğlub deyilsən...
Şon Penn'in rejissorluğu ilə çəkilən və 2007-ci ildə viziyaya girən “Into The Wild” filmində diqqətlə müşahidə etdiyim Kristofer Cansın MekKandles'ə bir növ nekroloq həsr etdim. Düşünürəm ki, saf, tərtəmiz şəkildə – spoilersiz, oxucular bu qısa rəyimi oxuduqları zaman, hekayə, ələlxüsus, film haqqında zehinlərində nəsə bir şey canlanar. Bu tərz biopik filmlər izləmək məni həddən artıq ilhamlandırır. Sonu faciəylə bitsə belə. Bu “tövsiyəni” Aron Ralston’un həyatından bəhs edən “127 Hours” filminə rəy yazarkən də qeyd etmişdim, indi də deyirəm: yaxşı olar ki, bu tərz filmləri izləməmişdən öncə real obrazların həyatını çox qısa da olsa araşdırasınız. Reallıq ayrı, “bəyaz pərdə” adaptasiyası ayrı. Ən azından fikrinizdə bir şeylər canlansın. Realdakı “x” ilə filmdəki “x” arasındakı körpünü qura biləsiniz deyə.
Belə daha maraqlı olur.
İndi isə filmin mövzu və daxilində ehtiva etdiyi tematikalara keçid edək:
Filmin əsas xətti azadlıq axtarışıdır. McCandless maddi dəyərləri, ailə bağlarını və sistemin qaydalarını rədd edir; pullarını yandırır, kimliyini geridə qoyur və təbiətlə baş-başa qalmağı seçir. Lakin film bu seçimi romantik qaçış kimi təqdim etmir. Əksinə, aşağıdakı mövzuları dərin şəkildə açır:
1. Tənhalıqla müstəqillik arasındakı incə sərhəd
2. Cəmiyyətdən qopmağın ağır nəticələri,
3. İnsanın təbiət qarşısındakı acizliyi.
Filmin sonunda yazılan məşhur sitat olan “Xoşbəxtlik yalnız paylaşılanda gerçəkdir” - bütün fəlsəfi yükü bir cümlədə cəmləyir.
Əsas qeyd etmək istədiyim məqamlardan biri mərkəzi personaj və aktyor oyunudur. Emil Hirş obrazı çox real oynayır. Onu izləyərkən bəzən heyran olursan, bəzən isə verdiyi qərarlara əsəbləşirsən. Bu da obrazı canlı edir O nə ideal qəhrəmandır, nə də yalnız öz səhvlərilə örtülmüş yorğun ''ət parçası''.
Filmin vizual tərəfi sakit və düşündürücüdür. Uzun kadrlar, geniş təbiət görüntüləri insanı filmə yox, bir hissin içinə salır. Eddi Vedderin musiqiləri isə bu hissi daha da dərinləşdirir, sanki filmin içindən yox, MekKandles'in təhtəlşüurunun dərinliklərindən ekran qarşısındakı izləyicilərə ötürülür.
Və nəhayət, "Into the Wild" azadlıq haqqında romantik bir nağıl deyil. Qətiyyən. Daha çox, azadlığın yanlış başa düşüldükdə necə təkliyə və faciəyə çevrilə biləcəyini göstərən sakit, lakin bununla birgə ağır bir filmdir.
KİNOMAN