İranda dekabrın 28-dən başlayan hökumət əleyhinə etiraz aksiyaları şiddətləndikcə ölkənin səhiyyə sistemi ağır böhranla üzləşib.
Postxronika.az xəbər verir ki, paytaxt Tehran və Şirazdakı xəstəxanalardan daxil olan məlumatlara görə, yaralı axını səbəbindən cərrah çatışmazlığı yaranıb və bir çox tibb müəssisəsi təcili böhran rejiminə keçib. Həkimlər yaralıların əksəriyyətinin baş və göz nahiyəsindən ağır odlu silah xəsarətləri aldığını, təcili yardımların isə çatışmadığını bildirirlər.
İnsan haqları təşkilatlarının (HRANA və IHRNGO) son hesabatlarına əsasən, nümayişlər zamanı aralarında uşaqların da olduğu ən azı 50 etirazçı həlak olub, 2300-dən çox şəxs isə saxlanılıb. ABŞ Prezidenti Donald Tramp rəsmi Tehrana xəbərdarlıq edərək zorakılığın dayandırılmasını tələb edib, BMT, Fransa, Böyük Britaniya və Almaniya liderləri isə dinc toplaşmaq azadlığının qorunmasına çağırıblar. Buna baxmayaraq, İranın ali rəhbəri Ayətullah Əli Xamenei geri addım atmayacaqlarını və "dağıdıcı elementlərlə" sərt mübarizənin davam edəcəyini bəyan edib. Hazırda ölkədə internetin kəsilməsi və xarici media orqanlarına tətbiq olunan qadağalar məlumatların dəqiqləşdirilməsini ciddi şəkildə çətinləşdirir.