Qışda günlərin qısalması və günəş işığının azalması ilə ortaya çıxan ruh halı "Qış depressiyası" adlanır.
Yorğunluq, istəksizlik, halsızlıq, iştahasızlıq kimi əlamətlərlə özünü göstərən bu problem daha çox qadınlarda və emosional pozuntular olan şəxslərdə müşahidə olunur.
Postxronika.az xəbər verir ki, Türkiyəli klinik psixoloq Fulda Karaçiçek bildirir ki, problemlərin həllində əsas açar insanın öz ruh halındakı dəyişiklikləri fərq edərək özünə diqqət və qayğı göstərməsidir.
O, qış depressiyasından qorunmaq üçün tövsiyələr də bölüşüb.
Klinik psixoloq Karaçiçek qış depressiyası ilə mübarizənin 10 təsirli yolunu belə sıralayıb:
1. Gün işığından faydalanın
Günəş işığı bədəndə serotonin səviyyəsini artıraraq ruh halını yaxşılaşdırır. Səhər və ya günorta saatlarında hava buludlu olsa belə, çölə çıxmağa çalışın. Pərdələri açaraq pəncərə kənarında vaxt keçirin.
2. Müntəzəm idman edin
İdman xoşbəxtlik hormonu olan endorfinin ifrazını artırır və depressiya əlamətlərini yüngülləşdirir.
3. Qidalanmanıza diqqət edin
Qış aylarında sağlam və balanslı qidalanma ruh halına mühüm təsir göstərir. Omega-3 yağ turşuları ilə zəngin olan balıq, qoz, kətan toxumu kimi qidalar serotonin səviyyəsini artırmağa kömək edir. Həmçinin B və D vitaminləri ilə zəngin qidaların qəbulu da önəmlidir.
4. Yuxu rejiminizi qoruyun
Mövsüm dəyişiklikləri yuxu rejiminə təsir göstərə bilər. Hər gün eyni saatda yatıb-durmağa çalışın. Yatmazdan əvvəl telefon və kompüter istifadəsini məhdudlaşdırın, kofeinli içkilərdən uzaq durun və zəif işıqlı mühitdə yatmağa üstünlük verin.
5. Sosial həyatınızı aktiv saxlayın
Soyuq və yağışlı havalara görə evə qapanmaq əvəzinə sosial fəaliyyətlərinizi davam etdirin. Ailə və dostlarla vaxt keçirmək, sevdiyiniz insanlarla söhbət etmək əhvalınızı yüksəldir.
6. Hobbilərlə məşğul olaraq məhsuldar olun
Qış aylarında zövq aldığınız məşğuliyyətlər tapmaq zehninizi məşğul edərək mənfi düşüncələrdən uzaqlaşmağa kömək edir.
7. D vitamini əlavəsini nəzərdən keçirin
Qış aylarında günəş işığının azalması ilə bədəndə D vitamini istehsalı da azalır. D vitamini çatışmazlığı isə depressiya riskini artıran amillərdəndir. Həkiminizlə məsləhətləşərək D vitamini əlavəsinə ehtiyac olub-olmadığını müəyyənləşdirin.
8. Meditasiya və nəfəs məşqləri edin
Stressi azaltmaq və zehni sakitlik yaratmaq üçün meditasiya və ya nəfəs məşqlərindən istifadə edə bilərsiniz.
9. Rutinlərinizi dəyişin və özünüzü yeniləyin
Qış depressiyasının yaratdığı monotonluğu qırmaq üçün gündəlik həyatınıza kiçik dəyişikliklər əlavə edin.
10. Peşəkar dəstək almaqdan çəkinməyin
Əgər depressiya əlamətləri gündəlik həyatınıza ciddi şəkildə təsir etməyə başlayıbsa, mütəxəssis dəstəyi almağı düşünmək olar.