Ukrayna Müdafiə Qüvvələri ötən gecə Rusiyanın Volqoqrad vilayətindəki "Jutovskaya" neft anbarına və bir neçə strateji nöqtəyə silsilə zərbələr endirib.
Postxronika.az "Nuhçıxan"a istinadən xəbər verir ki, bu əməliyyatlar Rusiya ordusunun hücum potensialını zəiflətmək məqsədilə həyata keçirilib. Hücumlar nəticəsində düşmən bölmələrini yanacaqla təmin edən infrastrukturla yanaşı, işğal altındakı Zaporojyedə yerləşən dron anbarı da vurulub.
Eyni zamanda, Donetsk vilayətində düşmənin komanda-müşahidə məntəqələri və şəxsi heyətin cəmləşdiyi ərazilər atəşə tutulub. Hazırda qarşı tərəfin canlı qüvvə və hərbi texnika itkilərinin dəqiq miqyası müəyyənləşdirilir. Ukrayna Silahlı Qüvvələri bu cür dəqiq zərbələrlə cəbhəboyu ərazilərdə logistik təminat zəncirini qırmağa davam edir.