Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində İrpen şəhərində olub.


Postxronika.az xəbər verir ki, nazir əvvəlcə Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.


Daha sonra Ceyhun Bayramov Azərbaycan hökumətinin dəstəyi ilə bərpa olunan İrpen Şəhər Mərkəzi Poliklinikasına baş çəkib. Bildirilib ki, hərbi əməliyyatlar zamanı ciddi ziyan görən tibb müəssisəsi qısa müddətdə əsaslı təmir olunaraq Ukrayna tərəfinə təhvil verilib.


Qeyd olunub ki, poliklinikanın bərpası Azərbaycan hökumətinin dəstəyi və Ukraynanın enerji sektorunda fəaliyyət göstərən Azərbaycan brendi “SOCAR Ukraine” şirkətinin maliyyə yardımı ilə həyata keçirilib. Layihə çərçivəsində binanın fasadı və dam örtüyü yenilənib, bütün pəncərələr dəyişdirilib, müasir yanğından mühafizə və havalandırma sistemləri quraşdırılıb, həmçinin zirzəmidə yeni sığınacaq inşa edilib.


Nazir daha sonra Azərbaycanın dəstəyi ilə bərpa edilmiş akademik Zərifə Əliyeva adına 12 saylı İrpen Humanitar “Linqvist” liseyində olub. Məktəbdə fəaliyyət göstərən Zərifə Əliyeva muzeyi ilə tanışlıq zamanı bildirilib ki, Prezident İlham Əliyevin göstərişi əsasında təhsil müəssisəsi qısa müddətdə əsaslı təmir olunub. Elektrik enerjisi ilə bağlı problemlərin aradan qaldırılması üçün məktəb generatorla da təmin edilib.


Səfər çərçivəsində Ceyhun Bayramov Azərbaycan hökumətinin İrpendə həyata keçirməyi planlaşdırdığı yeni yenidənqurma layihələri ilə də tanış olub. Məlumata görə, Azərbaycan dövləti şəhərdə daha dörd irimiqyaslı bərpa layihəsini reallaşdırmağı planlaşdırır.