Vaşinqton və Ottava arasında ticarət mübahisəsinin genişlənməsi Şimali Amerikanın iqtisadi gələcəyi ilə bağlı narahatlıqları artırır.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, ABŞ və Kanada arasında tariflərlə bağlı qarşıdurma davam edir və iki ölkə arasındakı ticarət münasibətlərində qeyri-müəyyənlik artır.
Reuters-in məlumatına görə, ABŞ administrasiyasının tarif siyasəti Kanada ilə iqtisadi münasibətlərə ciddi təsir göstərir. Tərəflər arasında yaranan fikir ayrılıqları ABŞ, Kanada və Meksikanı əhatə edən USMCA ticarət sazişinin gələcəyi ilə bağlı da suallar doğurub.
ABŞ və Kanada bir-birinin əsas ticarət tərəfdaşları hesab olunur. İki ölkə arasında ticarət dövriyyəsinin böyük həcmi səbəbindən tarif müharibəsinin genişlənməsi avtomobil sənayesi, kənd təsərrüfatı, enerji və digər sahələrdə fəaliyyət göstərən şirkətlər üçün əlavə xərclər yarada bilər.
Ekspertlər bildirirlər ki, ticarət qarşıdurmasının uzun müddət davam etməsi yalnız ABŞ və Kanada iqtisadiyyatına deyil, Şimali Amerikanın təchizat zəncirlərinə və qlobal bazarlara da təsir göstərə bilər.
Atabəy Abbaszadə