Nvidia-nın süni intellekt sektorundakı güclü gəlir proqnozu geosiyasi risklərə baxmayaraq dünya fond bazarlarında yüksəliş yaradıb.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, qlobal səhm indeksləri Nvidia şirkətinin müsbət gəlir proqnozunun texnologiya sektorunda yaratdığı nikbinlik fonunda yüksəlib.
Reuters-in məlumatına görə, MSCI-nin qlobal səhm indeksi 0,38 faiz artıb. ABŞ-da “Nasdaq” 1,36 faiz, “S&P 500” 0,68 faiz, “Dow Jones” isə 0,41 faiz yüksəlib.
Nvidia 2028-ci ilin yanvarında başa çatacaq maliyyə ili üzrə gəlirlərinin təxminən 70 faiz artacağını proqnozlaşdırıb. Bu açıqlama süni intellekt texnologiyalarına olan tələbin hələ də yüksək olaraq qaldığına dair investor gözləntilərini gücləndirib.
Bununla yanaşı, Yaxın Şərqdə vəziyyət və Hörmüz boğazı ətrafında qeyri-müəyyənlik neft bazarında təzyiq yaradır. Brent markalı neftin qiyməti 1,15 faiz artaraq 88,85 dollar təşkil edib.
İnvestorların diqqəti həmçinin ABŞ Federal Ehtiyat Sisteminin gələcək faiz siyasəti ilə bağlı açıqlamalara yönəlib.
Atabəy Abbaszadə