Kiberdələduzlar vətəndaşların bank hesablarına çıxış əldə etmək və pul vəsaitlərini mənimsəmək üçün müxtəlif saxta təkliflər və yeni üsullardan istifadə edirlər.

Postxronika.az Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, naməlum şəxslər özlərini bank və ya digər qurumların əməkdaşı kimi təqdim edərək kart sahiblərindən ad, soyad, kartın etibarlılıq müddəti, CVV/CVC və mobil telefona göndərilən birdəfəlik OTP kodunu tələb edə bilərlər. Nazirlik bildirib ki, bankların, eləcə də dövlət və özəl qurumların əməkdaşları vətəndaşlardan bu məlumatları telefon, sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə istəmirlər. Vətəndaşlara tanımadıqları şəxslərin göndərdiyi keçidlərə daxil olmamaq, şübhəli internet səhifələrində kart məlumatlarını yazmamaq və “uduş”, “hədiyyə” kimi cəlbedici vədlərə qarşı diqqətli olmaq tövsiyə edilir. DİN kiberdələduzluq halları ilə qarşılaşan şəxsləri “102” Xidməti-Zəng Mərkəzinə və ya qurumun rəsmi sosial şəbəkə hesablarına müraciət etməyə çağırıb.