Hindistan iqtisadiyyatı 2026-cı ilin aprel-iyun rübündə 7,8 faiz böyüyərək analitiklərin proqnozlarını əhəmiyyətli dərəcədə üstələyib.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, ölkənin ÜDM-i ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artıb. Reuters-in sorğusunda iştirak edən iqtisadçılar artımın 7,1 faiz olacağını gözləyirdilər.

Artıma xüsusilə özəl investisiyaların və istehsal sektorunun genişlənməsi təsir edib. Özəl investisiyaların artım tempi 5,8 faizdən təxminən 12 faizə yüksəlib. İstehsal sənayesi 9,2 faiz, maliyyə xidmətləri isə 12,1 faiz böyüyüb.

İstehlak xərcləri də 7,1 faiz artıb. Bununla belə, yüksək neft qiymətləri Hindistan iqtisadiyyatı üçün əsas risklərdən biri olaraq qalır. Ölkə xam neft tələbatının təxminən 85 faizini idxal edir.

Reuters-in məlumatına görə, iqtisadiyyatın bu sürətlə inkişaf etməsi Hindistanın cari maliyyə ilində 7 faizdən yüksək artım nümayiş etdirə biləcəyi gözləntilərini gücləndirib.

Atabəy Abbaszadə