Çində istehsal fəallığı avqust ayında müəyyən qədər yaxşılaşsa da, sektor hələ də daralma zonasında qalıb.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Çinin rəsmi istehsal PMI göstəricisi iyuldakı 49,2-dən avqustda 49,8-ə yüksəlib. 50 baldan aşağı göstərici istehsal sektorunda daralmanın davam etdiyini göstərir.

Yeni sifarişlər və istehsal göstəricilərində artım müşahidə olunsa da, xidmət sektorunda vəziyyət dəyişməyib. Qeyri-istehsal PMI göstəricisi 49,0 səviyyəsində qalıb və bu, 2022-ci ilin dekabrından bəri ən zəif nəticələrdən biridir.

Reuters yazır ki, məlumatlar Çində iqtisadi bərpanın qeyri-bərabər xarakter daşıdığını göstərir. Süni intellekt və yüksək texnologiya məhsullarının ixracı istehsala dəstək versə də, daxili istehlak və daşınmaz əmlak sektorundakı zəiflik davam edir.

Analitiklər iqtisadi fəallığın gücləndirilməsi üçün hökumətin əlavə tədbirlər görməli olduğunu bildirirlər. 

Atabəy Abbaszadə