İndoneziyada güclü El-Ninyo şəraiti meşə yanğınlarının miqyasını artırıb və ölkə hakimiyyəti yanğınların yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər görür.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, xüsusilə Borneo adasında yanğın ocaqlarının sayı kəskin artıb. Avqust ayında ölkədə 9 mindən çox isti nöqtə qeydə alınıb. Bu göstərici 2015-ci ilin avqustunda qeydə alınan 5 077 yanğından xeyli yüksəkdir.

İyul ayında isə yanğınlar nəticəsində təxminən 95 min hektar ərazi məhv olub. Hakimiyyət yanğınların qarşısını almaq üçün xüsusi aviasiya vasitələrindən və süni yağış yaratmaq texnologiyasından istifadə edir.

Reuters-in məlumatına görə, İndoneziyada yanğınlardan yaranan karbon emissiyaları son bir həftədə 17,1 milyon metrik tona çatıb. Bu, mövsümi orta göstəricidən 429 faiz yüksəkdir.

Mütəxəssislər El-Ninyonun yanğınların birbaşa səbəbi olmadığını, lakin yüksək temperatur və quraqlığı gücləndirərək onların daha sürətlə yayılmasına şərait yaratdığını bildirirlər. 

Atabəy Abbaszadə