Böyük Britaniyanın dəniz piyadalarının xüsusi təyinatlı əməliyyatlarda istifadə etdiyi "K3 Scout" pilotsuz uçuş aparatlarında Çin istehsalı olan komponentlər və IP ünvanı Çinə gedən məlumat ötürmə kanalları aşkarlanıb.
"Postxronika.az" xəbər verir ki, "The Telegraph" nəşrinin yaydığı məlumata görə, problem üzə çıxdıqdan sonra Britaniya Müdafiə Nazirliyi dronların kameralarını internetdən tamamilə ayırıb. Nazirlik araşdırmalar nəticəsində məxfilik daşıyan məlumatların, təsvirlərin, səs yazılarının, koordinatların və ya hərbi planların Çinə sızmadığını, ötürülən məlumatların yalnız cihazın işlək vəziyyətdə olmasını təsdiqləyən texniki siqnallardan ibarət olduğunu iddia edir.
Lakin mətbuata danışan mənbələr baş verənləri ciddi yoxlama uğursuzluğu adlandıraraq pilotsuz aparatlara inamın itdiyini vurğulayıblar. Qeyd olunur ki, xüsusi təyinatlıların həssas obyektləri yaxınlığında istifadə edilən bu dronların həm də Hörmüz boğazında gəmiçilik təhlükəsizliyini təmin etmək üçün Britaniyanın yardım paketinə daxil edilməsi nəzərdə tutulurdu.