Rusiyada müharibənin dayandırılmasını açıq şəkildə müdafiə edən yeganə siyasi qüvvə olan "Yabloko" partiyasının parlament seçkilərindən kənarlaşdırılması üçün Ali Məhkəməyə müraciət edilib. İddia ərizəsi "Rodina" partiyası tərəfindən qaldırılıb.

"Postxronika.az" xəbər verir ki, iddiaçılar "Yabloko"nu təşviqat materiallarında müəllif hüquqlarını pozmaqda, sosial şəbəkələrdə qanunsuz maliyyələşmədə və ekstremizm əlamətləri nümayiş etdirməkdə günahlandırırlar. İddia tərəfi sülh və atəşkəs çağırışlarını da ekstremizm təzahürü kimi dəyərləndirib.

Mərkəzi Seçki Komissiyası şikayətlərin bir hissəsini dəstəkləyib, prokurorluq isə partiyanın federal siyahısının seçkilərdən çıxarılması tələbini müdafiə edib. Məhkəməyə, həmçinin namizədlərin xarici mənbələrdən maliyyələşməsi ehtimalı ilə bağlı xüsusi materiallar təqdim olunub. "Yabloko" rəhbərliyi isə ittihamları rədd edərək sülhpərvər mövqeyindən geri çəkilməyəcəyini bildirib. Hazırda partiyanın reytinqi təxminən 2,8% təşkil edir ki, bu da 5%-lik seçki baryerini keçmək üçün kifayət etmir.