Şimali Koreya nüvə başlığı daşıya bilən gəmilərlə donanmasını gücləndirmək layihəsi çərçivəsində yeni “Kang Kon” esminesini istismara verdiyini açıqlayıb.
Postxronika.az KCNA-ya istinadən xəbər verir ki, ölkənin şərqindəki Vonsan şəhərində Şimali Koreya lideri Kim Çen Inın iştirakı ilə hərbi mərasim keçirilib. 5 min tonluq “Kang Kon” esminesi Hərbi Dəniz Qüvvələrinin Şərq Dənizi Donanmasının inventarına daxil edilib.
Kim Çen In çıxışında yeni nəsil esminesin ölkənin nüvə əks-tədbir sisteminin bir hissəsi olduğunu və düşmənlərə qarşı cavab zərbəsi endirməli olduğunu bildirib.
O, ölkənin hərbi dəniz qüvvələrini “nüvə silahına malik qüvvəyə” çevirmək məqsədini də vurğulayıb.
Şimali Koreya iyun ayında 5 min tonluq “Çoe Hyon” esminesini də istismara verərək Qərb Dənizi Donanmasının inventarına daxil etmişdi.