Rusiya avqust ayı ərzində Ukraynaya qarşı hər gün reaktiv mühərrikli və yüksək sürətli pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

Postxronika.az BBC-yə istinadən xəbər verir ki, bu, yeni və təkmilləşdirilmiş “Geran” PUA-larının gündəlik hücumlarda ilk dəfə qeydə alınmasıdır. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatlarına görə, reaktiv mühərrikli PUA-ların istifadəsi iyunda 350-dən iyulda 1600-ə, avqustda isə 2800-ə yüksəlib.

London Kral Kollecinin hərbi texnologiya üzrə eksperti Marina Miron bildirib ki, bu PUA-ların əvvəlki modellərlə müqayisədə daha sürətli olması onların Ukrayna tərəfindən zərərsizləşdirilməsini çətinləşdirir.

Təkmilləşdirilmiş PUA-lar saatda 480 kilometrdən çox sürətlə hərəkət edə bilir. Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, bu dronların bəzi turboreaktiv mühərrikləri Çindən əldə olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski yeni PUA-ların sentyabrın 1-də baş verən və azı 12 nəfərin ölümü, 20 nəfərin yaralanması ilə nəticələnən hücumlarda istifadə edildiyini bildirib.

Ukrayna hərbi kəşfiyyatının rəhbərinin müavini Vadim Skibitski isə avqustun 10-da reaktiv PUA-ların sürətinə uyğunlaşa bilən yeni ələ keçirici raketlərə ehtiyac olduğunu deyib.

Rəşad Hüseynov