Mary Shelley tərəfindən yazılmış bədii-fəlsəfi roman haqqında kifayət qədər film çəkilmişdir. Ən son versiyası isə 2025-ci ildə Guillermo del Toro tərəfindən ekranlaşdırılan Frankenstein filmidir. Baş rollarda Oscar Isaac və Jacob Elordinin yer aldığı film 17 oktyabr 2025-ci ildə izləyicilərin görüşünə gəlib.
Roman yalnızlıq, elmi etik və fərdin məsuliyyəti kimi mövzular ətrafında cərəyan edir və “İnsan olmaq nə deməkdir?” sualına cavab axtarır.
Əsərdə Victor Frankenstein ölü maddəyə həyat verərək Tanrı rolunu iddia edir, lakin yaratdığı varlıqla münasibətində məsuliyyət daşımaqdan qaçır.
Canavar Kimdir?
Victor Frankenstein, yoxsa onun yaratdığı varlıq?
Gənc elm adamı Victor təbiətə meydan oxuyaraq özünü yaradıcı qismində görür və öz maddi varlığını yaratmaq qərarına gəlir. Lakin canavar yalnız yaradıcıya deyil, hətta öz tanrısına belə qorxu salır. Victor Frankenstein ilə yaratdığı məxluq arasındakı ilk qarşılaşma bu faciənin bariz nümunəsidir: əvvəl heyranlıq, sonra isə dəhşət. Kino canavarı “günah “ kimi göstərir, roman isə “məsuliyyət”.
Frankenstein öz yaratdığı məxluqdan fiziki olaraq qorxa bilər, lakin bu həmin məxluqun pis niyyətli olduğuna dəlalət etmir. Məxluq çirkindir, üz-gözü yamalıdır, bədənində tikişlər və dəmir parçaları var. Lakin onun təfəkkürü bir körpə təfəkküründən heç fərqlənmir. Canavar yaradıldığı ilk vaxtlar hətta ən sadə sözləri belə təkrarlamaq qabiliyyətindən məhrumdur.
Əsərin fəlsəfəsini bir cümlə ilə ifadə etmək lazım gələrsə, belə olar: Şər doğulmur, şər tərk edilməklə yaranır. Yaradıcı ilə yaradılan arasındakı çaxnaşma demək olar ki, bütün dövrlərin ən maraqla oxunan mövzularındandır.
Yaradılış və Məsuliyyət
Yaradılış 1: 26–27
“Tanrı dedi: İnsanı öz surətimizdə, öz bənzərliyimizdə yaradaq…”
Yeşaya 64:8
“Ya Rəbb, Sən bizim Atamızsan. Biz gil, Sən isə dulusçusan; hamımız Sənin əlinin işiyik”.
Romalılara 9:20–21
“Ey insan, sən kimsən ki, Tanrıya cavab verirsən? Yaradılan yaradanına: "Məni niyə belə yaratdın?" deyə bilərmi?”
Gil öz-özünə forma almır, onu yaradan əllər məsuliyyət daşıyır. Bu, Frankenstein romanının əsas mövzusudur. Victorun yaratdığı məxluq acı çəkir, soruşur, ağlayır, üsyan edir. Lakin Victor bu ağır məsuliyyəti üzərinə götürməyərək kadrdan çəkilir.
Yaradılanın yaradıcısına üsyanı fərqli simalar vasitəsilə özünü göstərərək ekranlarda təkrar-təkrar qarşımıza çıxır.
Həyatından bezən və artıq yaşamaq istəməyən bir insan dünyaya gəlməyinə vəsilə olan valideynini günahlandıra, mənəvi iztirablar çəkdiyi üçün onları ittiham edə bilər. Məxluqun Victora olan üsyanı da məhz bu cürdür. Təsadüfi deyil ki, filmdə o Victora hətta “ata “ deyə də müraciət edirdi.
Əsərin faciəsi yaradılanın üsyanı deyil, yaradanın məsuliyyətdən qaçmasıdır. “Lənət olsun sənə, ey yaradıcım! Özünün belə iyrənərək üzünü çevirəcəyin bu qədər qorxunc bir canavarı niyə yaratdın? Tanrı mərhəməti ilə insanı öz surətində, xoş və gözəl yaratdı. Mənim görünüşüm isə sənin ən dəhşətli halındır, hətta ondan da betər. Şeytanın belə onu bəyənib yoluna dəstək olacağı yoldaşları, akranları vardı. Mən isə tamamilə tənha və hor görülən bir varlığam”. – Mary Shelley, Frankenstein
Nigar