“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Maykl Kerrik komandanın sükanı arxasına keçməyə ən real namizədə çevrilib. İngilis mütəxəssisin hazırkı müvəqqəti çalışdırıcı Darren Fletçeri əvəzləmək ehtimalı yüksək qiymətləndirilir.
Postxronika.az xəbər verir ki, insayder Fabrizio Romanonun məlumatına əsasən, Kerrik klub rəhbərliyi və INEOS şirkəti ilə uğurlu danışıqlar apararaq siyahıya başçılıq edir. Digər iddialı namizəd Ole Qunnar Solskyer olsa da, bu həftə rəsmiləşəcək qərarda üstünlüyün məhz sabiq futbolçuya veriləcəyi bildirilir. Xatırladaq ki, “Qırmızı şeytanlar” yanvarın 5-də Ruben Amorimlə yollarını ayırıb.