İranın dəstəklədiyi husilərin hərbi əməliyyatları intensivləşdirməsi və iyul ayından etibarən dəniz blokadası tətbiq etməsindən sonra Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda və ölkənin bir neçə strategiya baxımından mühüm regionunda hava hücumu xəbərdarlığı edilib. Paytaxtda ard-arda güclü partlayış səsləri eşidilib və bu hadisə son aylarda Ər-Riyadda qeydə alınan ilk belə təhlükə siqnalı olub.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi operativ müdaxilədən sonra təhlükənin aradan qalxdığını açıqlayaraq sakinləri kütləvi toplaşmamağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Regionda mövqelərini möhkəmləndirən husilər strateji əhəmiyyətə malik Moxa liman şəhərini və Qırmızı dənizə çıxışı təmin edən Perim adasını ələ keçiriblər. Qruplaşmanın hərbi təmsilçiləri dəniz blokadasının Yəmənin şimal-qərbindəki liman və hava limanlarının mühasirəyə alınmasına cavab addımı olduğunu bəyan ediblər.
ABŞ və İsrailin İranla münaqişəsi Hörmüz boğazında gəmiçilik hərəkətini faktiki olaraq iflic etdiyindən, Səudiyyə Ərəbistanı neft eksportunu Qırmızı dəniz marşrutuna yönəltmək məcburiyyətində kalmışdı. Lakin husilərin pilotsuz uçuş aparatları və raketlərlə Krallığın neft obyektlərinə təşkil etdiyi zərbələr nəticəsində baş verən yanğınlar istehsalat əməliyyatlarının müvəqqəti dayandırılmasına və dünya bazarlarında yanacaq qiymətlərinin kəskin bahalaşmasına gətirib çıxarıb.
Yaranmış kritik vəziyyətlə əlaqədar Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampdan husilərə qarşı birbaşa hərbi müdaxilə xahiş edib. Buna baxmayaraq, Vaşinqton hələlik Amerika ordusunu döyüşlərə cəlb etməkdən imtina edərək yalnız kəşfiyyat dəstəyi ilə kifayətlənir. BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında isə qlobal təchizat zəncirini qorumaq üçün Qırmızı dənizdə naviqasiya azadlığının təmin edilməsinin vacibliyi bir daha vurğulanıb.
Rəşad Hüseynov