"Manchester United" klubunun şəriki və neft-kimya giqantı "Ineos"un banisi, 15 milyard funt-sterlinq sərvətə malik Ser Cim Retklif ölkəyə olan inamını itirdiyini və Krallığın tənəzzül dövrünü yaşadığını bildirib. Britaniyalı milyarder yüksək vergi yükü, miqrasiya axını və sərvət sahiblərinə qarşı formalaşan paxıllıq siyasətinin biznesmenləri ölkədən uzaqlaşdırdığını vurğulayıb.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, Şimal dənizindəki neft-qaz yataqlarına investisiyaların dayandırılmasını "dəlilik" adlandıran iş adamı, hava şəraitinin kəskin soyuyacağı təqdirdə qışda qaz ehtiyatlarının tükənə biləcəyi barədə xəbərdarlıq edib. Britaniya hökuməti isə iqtisadi artımın təmin olunduğunu, biznes sərmayələrinin artdığını və enerji təchizatında hər hansı bir problemin gözlənilmədiyini açıqlayaraq bu tənqidləri rədd edib.
Monakoda vergi rezidenti kimi yaşayan Retklif enerji sektoruna tətbiq edilən yüksək vergilərin və "Rosebank" ilə "Jackdaw" yataqlarının işlənilməsindəki tərəddüdlərin sahənin davamlılığını təhlükə altına aldığını diqqətə çatdırıb. Hökumət rəsmiləri iş yerlərini qorumaq və enerji təhlükəsizliyini təmin etmək üçün təzyiqlərlə üzləşsələr də, iqlim dəyişiklikləri fonunda qazıntı yanacaqlarının istismarını məhdudlaşdırmaq arasında seçim etmək məcburiyyətindədirlər.
Rəşad Hüseynov